Çexiya və Slovakiyadakı məktəblərdə partlayış törədəcəyi ilə hədələyən şəxs saxlanılıb
Praqa, 17 iyul, AZƏRTAC
Dneprdə Çexiya, Slovakiya və Ukraynadan olan birgə polis qrupu Çexiya və Slovakiya respublikalarında məktəbləri partlatmaq təhdidində iştirak edən Ukrayna vətəndaşını saxlayıb.
AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabrından bu iş üzrə istintaq aparılır. Slovakiya polisi bildirib ki, Dnepr şəhərinin müxtəlif məntəqələrində keçirilən reyd zamanı kompüter və telekommunikasiya avadanlıqları ələ keçirilib.
Slovakiya polisi digərləri ilə yanaşı Çexiya polisinin Terrorizm, Ekstremizm və Kibercinayətkarlıqla Mübarizə üzrə Milli Mərkəzinin əməkdaşının da əks olunduğu fotonu da dərc edib. Müşayiət mesajında deyilir: “Slovakiya və Çexiya məktəblərində təlim prosesini poza biləcək bomba təhlükələrinin araşdırılmasında göstərdikləri köməyə görə Ukrayna və Çexiyadan olan həmkarlarımıza təşəkkür etmək istərdik. Bizi cinayətkarın milliyyəti maraqlandırmır, əsas odur ki, o, məhkəməyə gəlsin və öz əməllərinə görə cavab versin”.
Ötən dərs ilinin əvvəlində Çexiya və Slovakiyada yüzlərlə məktəbə dəfələrlə hədələyici məktublar daxil olub. Mesajların müəllifi məktəb binalarında bombaların olduğunu iddia edib. Slovakiya polisi daha sonra hadisəni terror aktı kimi araşdırdığını və buna görə cinayətkarı ömürlük həbs cəzası gözləyə biləcəyini bildirib. Cinayətkar nəhayət ədalətin əlinə keçib.
Çex Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS, əks-kəşfiyyat) verdiyi məlumata görə, saxlanılan ukraynalı bir sıra digər Avropa ölkələrinə də təhdidlər göndərib. “X” sosial şəbəkəsində əks-kəşfiyyat xidməti onu da qeyd edib ki, saxlanılan əcnəbinin fəaliyyəti böyük ehtimalla Rusiyadan maliyyələşdirilib.
Bunun ardından Praqada Ali Dövlət Prokurorluğu tərəfindən dərc edilmiş mətbuat açıqlamasında deyilir ki, Çexiya polisi bu əməli terror aktı törətmək təhlükəsi kimi qiymətləndirib. Çexiyada belə bir cinayətə görə 5 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa