Çexiyada “Azərbaycanın təhlükəsizlik siyasəti sülh və regional sabitlik amili rolunda” mövzusunda konfrans keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Praqa şəhərində Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən “Azərbaycanın təhlükəsizlik siyasəti sülh və regional sabitlik amili rolunda” mövzusunda konfrans keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən olan Karl Universitetinin təşkilatçılığı ilə reallaşmışdır.
Konfransda çıxış edən Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ölkələrimiz arasında mövcud siyasi-iqtisadi, diplomatik münasibətlərdən söz açmış və yüksək səviyyədə qurulmuş əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmişdir.
O, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi ölkəmizə etdiyi səfərlərdən danışmış və hər dəfə Azərbaycanda böyük inkişafın şahidi olduğunu qeyd etmişdir.
Deputatlar Palatasının sədri Azərbaycanın regionda Çexiya üçün əsas strateji tərəfdaş olduğunu vurğulamışdır.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlardan, hazırda iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Səfir Y.Hamaçekə Çexiya parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirmişdir.
Azərbaycanlı diplomat tədbir iştirakçılarına ölkəmizin Avropa İttifaqı ilə münasibətləri, enerji siyasəti, dünyada təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. barədə məlumat vermişdir.
Sonra konfrans işini panel iclaslarla davam etdirmişdir.
İclaslarda regionun lider dövlətlərindən olan Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki rolu, Avropa İttifaqı ilə tərəfdaşlığı, Avropanın enerji təhlükəsizliyindəki yeri və digər mövzularda müzakirələr aparılmışdır.
Konfransda “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə də çıxış etmişdir.
Çexiyanın Sənaye və Ticarət, Xarici İşlər nazirliklərinin və digər qurumların nümayəndələri, eləcə də bu ölkənin tanınmış elm xadimləri müzakirələrdə iştirak etmişlər.