Çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları müzakirə olunub
Bakı, 17 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi paytaxtın Suraxanı rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon icra hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Suraxanı rayonu sahillərində nazirlik tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkarlanmış nöqsanlar barədə geniş məlumat verilib.
Tədbirdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.