Çin Tayvan boğazı yaxınlığında hərbi təlimlərə başlayıb
Pekin, 18 sentyabr, AZƏRTAC
Çin Xalq Azadlıq Ordusu Tayvan boğazı yaxınlığında döyüş atışlı təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli Müdafiə Nazirliyinin rəsmisi Ren Quoçian sentyabrın 18-də mətbuat konfransında açıqlama verib. “Bu, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün, Tayvan boğazının o biri tərəfindəki hazırki vəziyyətə cavab olaraq əsaslandırılmış və zəruri tədbirdir”, -deyən Çin rəsmisi əlavə edib ki, Tayvan Çinin əzəli və ayrılmaz ərazisidir. Tayvan məsələsi Çinin daxili işidir və kənar müdaxilələr yolverilməzdir.
Ren Quoçian bildirib ki, son vaxtlar ABŞ və Tayvandakı Demokratik Tərəqqi Partiyası öz sövdələşmələrini aktivləşdirib və tez-tez vəziyyəti gərginləşdirən addımlar atır. O, Tayvanın xarici qüvvələrə arxalanaraq Çinə qarşı çıxmaq cəhdlərinin uğursuzluğa düçar olacağını, Çin Xalq Azadlıq Ordusunun Tayvandakı separatçı fəaliyyətlərə və xaricdən müdaxiləyə cavab vermək, ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq bacarığında olduğunu deyib.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
Son vaxtlar Tayvan adası ilə başda ABŞ olmaqla, bəzi ölkələrlə sıx təmaslar müşahidə edilir. Bu təmaslar, xüsusən də xarici ölkələrin Tayvana silah satması və Tayvanla birgə hərbi təlimləri regionda vəziyyəti gərginləşdirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin