SİYASƏT
“China Daily”: AZƏRTAC Çin KİV-ləri ilə əməkdaşlığı genişləndirir

Pekin, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Çinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirir.
Bu barədə Çinin nüfuzlu “China Daily” qəzetində dərc olunan məqalədə söz açılır. Məqalədə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün Pekinə səfəri çərçivəsində “China Daily” qəzetinin redaksiyasını ziyarət etməsi və nəşrin rəhbərliyi ilə görüşü barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, hazırda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edən AZƏRTAC 7 dildə, o cümlədən Çin dilində xəbərlər yayır. Bakıdakı Konfutsi İnstitutu agentliyin Çin dilində xəbərlərinin hazırlanmasına və əməkdaşlara Çin dilinin öyrədilməsinə dəstək verir.
Qəzet AZƏRTAC-ın İdarə Heyəti sədrinin sözlərinə istinad edərək vurğulayır ki, Azərbaycan ilə Çin arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı iki ölkənin kütləvi informasiya vasitələrinə də əməkdaşlığı genişləndirmək üçün impuls verir. Bildirilir ki, AZƏRTAC-ın Sinxua agentliyi ilə yaxşı əlaqələri var. Çinin digər KİV-ləri, o cümlədən “China Daily” qəzeti ilə əməkdaşlığın yaradılması və inkişafı tərəflər üçün faydalı olacaq.
Məqalədə AZƏRTAC ilə “China Daily” arasında xəbər və təcrübə mübadiləsi, birgə layihələrin icrası, internet səhifələrində qarşılıqlı olaraq banerlərin yerləşdirilməsi və digər istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunduğu qeyd edilir.
Xatırladaq ki, “China Daily”nin ümumilikdə 100 milyondan çox oxucu auditoriyası var və dünyada ingilis dilində nəşr olunan ən nüfuzlu qəzetlərdən biridir. O, Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir, xarici ölkələrdə böyük populyarlıq qazanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin