Çində anonim sorğu: Əhalinin 82 faizi COVID-19 virusuna yoluxub
Pekin, 30 aprel, AZƏRTAC
Çində ötən ilin dekabrından cari ilin yanvarınadək olan müddətdə əhalinin 82 faizi artıq COVID-19 virusuna yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin xəstəliklərə nəzarət və profilaktikası mərkəzi məlumat yayıb. Həmin dövrdə əhalinin böyük hissəsinin PCR testindən keçmədiyi səbəbindən mərkəz yoluxmaların sayını müəyyən etmək üçün əhali arasında anonim sorğu keçirib. Sorğunun nəticələrinə əsasən yoluxmaların pik dövrü ötən il dekabrın 19-21-i arası olub.
Qeyd edək ki, Çin 2020-c ilin əvvəlində Uhanda COVID-19 böhranını nəzarət altına alandan sonra virusun ölkədə yayılmasının qarşısını almaq üçün sərt mübarizə qaydalarını əhatə edən “Sıfır COVID” siyasətini tətbiq edib. Həmin dövrdə hətta bircə yoluxma aşkarlanan yaşayış məntəqələrində, hətta Pekin, Şanxay kimi iri şəhərlərdə tam qapanma, kütləvi test prosesi və s. sərt qaydalar tətbiq olunub. Başqa sözlə, virusun yayılmasının qarşısı maksimum dərəcədə alınıb. Amma ötən il dekabrın əvvəlində virusla mübarizə üsullarının, o cümlədən kütləvi test prosesinin, lokal qapanmaların, yoluxanların və onlarla təmasda olanların karantinə cəlb olunması qaydalarının ləğv edilməsindən sonra əhali arasında yoluxmalar sürətlə çoxalmağa başladı. Həmin dövrdə ölkənin səhiyyə sistemi yükləndiyindən yoluxmaları müəyyən etmək üçün PCR testi aparılmırdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin