Çində “Azərbaycan üçün yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi” mövzusunda seminar keçirilir
Bakı, 16 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən seminarda iştirak edir.
İİTKM-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan üçün yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuş seminara Azərbaycanın İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin 20 əməkdaşı qatılıb.
Seminar Çinin Beynəlxalq Biznes Rəsmiləri Akademiyası (Academy for International Business Officials - AIBO) tərəfindən təşkil edilib. Seminarda Çinin tanınmış professorları və aidiyyəti qurumlarının rəsmiləri bu ölkənin yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər barədə məlumat verib, Çinin yaşıl iqtisadiyyatla bağlı strategiyası və bu sahədə idarəetmə təcrübəsi, həmçinin Çin-Azərbaycan iqtisadi əlaqələri mövzularında mühazirələr oxuyublar.
Azərbaycan nümayəndə heyəti də ölkəmizdə yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə çinli alim və ekspertlərə məlumat verib.
May ayının 8-də başlayan seminarın nəzəri hissəsi mayın 19-da başa çatacaq. Daha sonra seminar iştirakçıları Çinin bu sahədəki təcrübəsini yerində öyrənmək üçün ölkənin ayrı-ayrı bölgələrinə səfər edəcəklər. Seminar mayın 28-də yekunlaşacaq və iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.