Çində “Bir kəmər, bir yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlin ilə görüşüblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizdə aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin perspektivləri və qeyd edilən təşkilatlarla səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.