Çində COVID-19 infeksiyasına yoluxanların sayı 1000-dən aşağı düşüb
Pekin, 23 aprel, AZƏRTAC
Çində yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı virus yayılmağa başlayandan bəri ilk dəfə mindən aşağı həddə enib.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, hazırda ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 959-dur. Çində COVID-19 infeksiyasına indiyədək 82 min 798 nəfər yoluxub, onlardan 77 min 207 nəfəri sağalıb, 4632 nəfər isə ölüb. Hazırda xəstəxanalarda 959 aktiv xəstə var ki, onlardan 121 nəfərinin vəziyyəti ağır və ya kritikdir.
Komitənin rəsmisi Mi Fen bildirib ki, ötən sutka ölkədə virusdan ən çox əziyyət çəkən Hubey vilayətində yoluxma və ölüm qeydə alınmayıb. Ölkə üzrə isə ötən sutka 10 yoluxma faktı qeydə alınıb ki, onların 6-sı xarici mənşəli yoluxmadır. İndiyədək xaricdən gələn 1616 nəfərin virusa yoluxması aşkarlanıb, onların 823 nəfəri müalicədən sonra sağalaraq xəstəxananı tərk edib.
Qeyd edək ki, dekabrın son günlərində Çinin Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanan yeni növ koronavirus əvvəlcə Çində, sonra isə bütün dünyada sürətlə yayılaraq, pandemiya halına çatıb. İndiyədək dünyada virusa yoluxanların sayı 2 milyon 654 mini, ölənlərin sayı isə 185 mini ötüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin