Çindəki toz dumanı Cənubi Koreyaya çatıb
Pekin, 12 aprel, AZƏRTAC
Bir neçə gündür Çin səmasını bürüyən toz dumanı şimal-qərb küləyinin təsiri ilə artıq Cənubi Koreyaya çatıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, toz dumanı nəticəsində havada sağlamlıq üçün təhlükəli xırda toz hissəciklərinin konsentrasiyasının səviyyəsi ölkə üçün cari il üzrə rekord həddə çatıb.
Ölkənin Ətraf Mühit Nazirliyi 17 şəhər və bölgə üzrə daha əvvəl elan edilmiş xəbərdarlıq səviyyəsini daha bir pillə yüksəldib. Yerli vaxtla saat 17:00-da ölkənin bütün bölgələrində havanın çirklilik səviyyəsi keyfiyyət indeksi üzrə “çox pis” qiymətləndirilib. Əhaliyə açıq havada gəzməmək tövsiyə olunub. Təhsil ocaqlarından isə açıq hava dərslərinin təxirə salınması, açıq məkanlarda çalışanların qoruyucu maska taxması tələb edilib. Bundan başqa, aviasiya qurumuna vəziyyətə ciddi nəzarət etmək tapşırılıb. Proqnozlara görə, havadakı qum tozu aprelin 14-də gözlənilən yağışdan sonra təmizlənəcək.
Qeyd edək ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Çinin şimal, ardınca şərq və mərkəzi bölgələrində səmanı toz dumanı bürüyüb. Milli Meteorologiya Mərkəzi qumlu toz dumanının qonşu Monqolustandakı səhralardan küləyin təsiri ilə gəldiyini açıqlayıb.
Pekin