Çingiz Aytmatov dünyada əsərləri 150 dilə tərcümə olunmuş çox nadir yazıçılardan biridir
Bakı, 9 iyun, AZƏRTAC
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Çingiz Aytmatov - 95” mövzusunda panel təşkil edilib. Panel AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı əsasında reallaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qırğızıstandan gəlmiş qonaqlar - Manas Universitetinin Türkoloji bölümünün rəhbəri professor Burul Sayınbayeva və şair Altınbek İsmayılov da iştirak ediblər.
Paneldə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, Çingiz Aytmatov haqqında dissertasiya yazmış Mehman Həsənli məruzə edərək yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Çingiz Aytmatov dünyada əsərləri 150 dilə tərcümə olunmuş çox nadir yazıçılardan biridir. Əlavə edib ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” əsərindən bir parça nümayiş olunacaq.
Ədəbiyyat İnstitutunun magistrantı Nəzrin Əliyeva çıxış edərək Azərbaycan və Qırğızıstan nəsrindəki paralellikdən danışıb.