Çinin CCTV televiziyası Azərbaycan səfirinin müsahibəsini yayıb VİDEO

Pekin, 30 may, AZƏRTAC
Çinin CCTV televiziyası Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallının geniş müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iyunda Çindao şəhərində keçiriləcək zirvə görüşünə həsr olunan proqramın qonağı olan səfir Ə.Zeynallı ölkəmizin bu qurumla münasibətləri və əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğu vurğulayıb.
Diplomat deyib: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıqda maraqlıdır. Çünki bu qurumun əsasını qarşılıqlı hörmət və etimad təşkil edir. Bu baxımdan da ŞƏT-in fəaliyyəti öz ruhuna görə digər qurumlardan fərqlənir”.
ŞƏT-in qarşıdan gələn sammitinin maraqla gözlənildiyi, digər tədbirlərdə olduğu kimi Çinin sədrliyi ilə keçəcək bu sammitin də yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.
Sözügedən zirvə görüşündə qəbul olunacaq qərarların quruma üzv ölkələr, habelə müşahidəçi və dialoq üzrə tərəfdaş dövlətlər arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacağı, bu qərarların dünyada sülhün, əmin-amanlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi bildirilib.
Çinin Sədri Si Cinpinin irəli sürdüyü “Bir Kəmər, Bir Yol” təşəbbüsünə də toxunan diplomat ölkəmizin bu layihəni dəstəkləyən ilk ölkələrdən biri olduğunu və bu layihənin yalnız iqtisadi və siyasi sahədə deyil, eləcə də humanitar, mədəni, təhsil və digər sahələrdə də xalqları bir-birinə daha da yaxınlaşdıracağından bəhs edib.
Azərbaycanın iqtisadi gücünə və siyasi çəkisinə görə bölgənin aparıcı ölkələrindən olduğunu qeyd edən Ə.Zeynallı ölkəmizin Çin ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə maraqlı olduğunu, dövlət başçılarımız arasında yaranan səmimi və xoş münasibətlərin ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə inkişafına təkan verdiyini xüsusilə qeyd edib.
Azərbaycan və Çin arasındakı münasibətlərinin hazırkı səviyyəsinin yüksək olduğunu bildirən səfir əsasən iqtisadi və ticarət sahəsində əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində böyük potensialın mövcudluğunu ifadə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin