Çinin Sinxua agentliyi IV Qlobal Bakı Forumu haqqında yazır
Pekin, 11 mart, AZƏRTAC
Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan paytaxtında keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu haqqında bir neçə dildə informasiya yayıb.
Gündəlik yüz milyonlarla izləyicisi olan Sinxuanın Bakı Forumu haqqında materiallarında deyilir ki, bir neçə dövlət başçısının, 27 sabiq prezidentin və 23 sabiq baş nazirin, çoxlu sayda dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə beynəlxalq təhlükəsizlik, regional təhdidlər, qlobal iqtisadi böhranın doğurduğu çətinliklər, enerji siyasəti, multikulturalizm, dinlərarası dialoq, iqlim dəyişiklikləri kimi məsələlər müzakirə olunur.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin əhatəli çıxışına toxunan Sinxua dövlətimizin başçısının 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olması fikrini qeyd edib.
Məqalədə dövlətimizin başçısının müasir dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dair fikirləri də əksini tapıb. Agentlik Prezident İlham Əliyevin adambaşına düşən birbaşa xarici sərmayəyə görə Azərbaycanın ən qabaqcıl mövqelərdə olması, hazırda isə hökumətin qeyri-neft sektoruna sərmayəçiləri cəlb etməyə çalışması, milli iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaq istiqamətində fəaliyyəti barədə fikirlərinə geniş yer ayırıb.
Bundan başqa, xəbərlərdə nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində Azərbaycanın nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrildiyi qeyd olunur. Bu istiqamətdə cari ildə inşası başa çatması nəzərdə tutulan, Azərbaycan ilə Gürcüstan və Türkiyənin dəmir yolları şəbəkəsini birləşdirəcək xəttin Avropa ilə Asiya arasında ən qısa yol olması xüsusi vurğulanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin