Çinin xarici işlər naziri ÇXR-ABŞ münasibətlərinin təməl prinsiplərini açıqlayıb
Pekin, 28 oktyabr, AZƏRTAC
“Vahid Çin” prinsipi və Çin ilə ABŞ arasında imzalanmış üç birgə bəyannamə iki ölkə arasında münasibətlərin ən vacib siyasi təməlidir.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu fikri Vaşinqtonda səfərdə olan nazir Van İ ABŞ Prezidenti Cozef Baydenlə görüşdə deyib. Çin xarici siyasət idarəsinin rəhbəri səfərinin dövlət başçılarının iki ölkə arasında münasibətlərin düzgün, sağlam və sabit inkişaf yoluna qaytarılmasına dair mühüm razılaşmalarının icrasına dair fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.
“Biz dünyaya, tarixə və insanlara qarşı məsuliyyətlə yanaşmalı, ÇXR Sədri Si Cinpinin ikitərəfli əlaqələri sabitləşdirmək və yaxşılaşdırmaq üçün irəli sürdüyü qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl etməliyik”, - deyən Van İ əlavə edib ki, bu, iki ölkənin və xalqın fundamental maraqlarına uyğun olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin ortaq gözləntisidir.
Ağ Evin görüşə dair açıqlamasında deyilir ki, ABŞ Prezidenti Cozef Bayden Vaşinqton və Pekinin rəqabətlərini məsuliyyətlə idarə etmələrinin və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalarının vacibliyini vurğulayıb.
Çinin xarici işlər naziri Van İ Birləşmiş Ştatlara üçgünlük səfəri çərçivəsində dövlət katibi Antoni Blinken və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla da görüşüb. Qərb mediası yazır ki, Vaşinqton Yaxın Şərqdəki münaqişəni cilovlamaq üçün Çini İrana təsirindən istifadə etməyə çağırıb. Görüşdə İsraillə HƏMAS arasındakı müharibə ilə bağlı açıq söhbət aparıldığı bildirilir.
Van İnin Vaşinqtona səfəri ABŞ Prezidenti Cozef Bayden ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin mümkün görüşü ərəfəsinə təsadüf edir. Söhbət Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrda San-Fransisko şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində təşkil olunması gözlənilən görüşdən gedir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında Prezident Cozef Baydenin Çin lideri ilə görüşünün reallaşacağına ümid etdiyini deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin