DÜNYA
Çinin xarici ticarətində müsbət saldo 250 milyard dollara çatıb
Pekin, 9 sentyabr, AZƏRTAC
Çinin xarici ticarəti cari ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ixrac 6,1 faiz, idxal isə 0,8 faiz artıb. Nəticədə xarici ticarətdə müsbət saldo 1,77 trilyon yuana (təxminən 249,6 milyard ABŞ dolları) çatıb.
Hesabat dövründə Avropa İttifaqı Çinin əsas ticarət tərəfdaşı mövqeyini qoruyub. Belə ki, ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxalaraq 444 milyard dollara çatıb. İkinci yerdə 386 milyard dollarla (11,7 faiz artım) ASEAN ölkələri, üçüncü yerdə isə 341 milyard dollarla (9 faiz azalma) ABŞ gəlir.
Yanvar-avqustda Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 9,9 faiz artaraq 822 milyard dollara çatıb. Bu, Çinin ümumi xarici ticarətinin 29 faizi deməkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin