Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 8 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərini vurğulayıb. Qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində məhz Ulu Öndərin uzaqgörən siyasəti dayanır. Ümummilli Liderin hüquqi dövlətin formalaşdırılması, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlər əvəzolunmazdır. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün uğurla davam etdirilir və Azərbaycanın siyasi sabitliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu məhz bu irsin davamıdır.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Heydər Əliyev və yeni liderlik” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Heydər Əliyevin siyasi irsində azərbaycanlıların deportasiyası məsələsini önə çəkib, Ümummilli Liderin fəaliyyətində soydaşlarımızın hüquqlarının müdafiəsi və milli yaddaşın qorunması məsələlərinə xüsusi yer ayrıldığını vurğulayıb.
Sonra çıxış edən Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri professor Habil Qurbanov vurğulayıb ki, ömrünü xalqının rifahına həsr etmiş Ümummilli Lider Azərbaycanın inkişafı, müstəqilliyi və dünyada layiqli yerini tutması üçün əlindən gələni edib.
Professor çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, orada quruculuq işləri aparıldığını, Böyük Qayıdış planına əsasən vətəndaşlarımızın mərhələli şəkildə öz yurdlarına qayıtdıqlarını da qeyd edib.
Sonra institutun Həmkarlar Təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirdiyi şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub.