ELM VƏ TƏHSİL
Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyasi - beynəlxalq elmi-praktik konfrans
![](/files/galleryphoto/2023/3/1200x630/17006552054503055239_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006552051058755808_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006552053418855491_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006552054556132303_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006552055260429330_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Türkiyənin Bursa Uludağ Universiteti, Qırğızıstan Təhsil Akademiyası, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutu, Moldovanın Tiraspol Dövlət Universiteti, Rusiyanın Dağıstan Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov konfransın mövzusunun aktuallığını vurğulayıb.
Beynəlxalq tədbirdə professorlar Şövqi Göyçaylı, Rza Mahmudov, dosentlər Yusif Alıyev, Mirnuh İsmayılov, Məhəmməd Abdiyev və başqaları çıxış ediblər.
Çıxışlarda ekosistemin və biomüxtəlifliyin qorunub saxlanılmasında, davamlı sosial-iqtisadi inkişafın təmin olunmasında elm və təhsilin rolu qeyd edilib, mövcud problemlərin həlli istiqamətində ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Bildirilib ki, siyasi, iqtisadi, sosial və mədəni irs dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına daxildir. Sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bu zaman elm və təhsilin inteqrasiyası bütün sahələrin potensialından səmərəli istifadə etməyə kömək göstərir.
Bu baxımdan elmi-praktik konfrans həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi baxımından əhəmiyyətlidir.
Noyabrın 23-dək davam edəcək konfransda coğrafiyanın müasir problemləri - su ehtiyatlarından istifadə, kənd təsərrüfatının ərazi üzrə təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. məsələlər müzakirə olunacaq.