SİYASƏT
“Cümhuriyyə” qəzeti Azərbaycanın Misirdəki səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatını dərc edib
Qahirə, 31 mart, AZƏRTAC
Misirin nüfuzlu “Cümhuriyyə” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin Ermənistanın təxribatları və sülhə əngəl yaratması ilə bağlı bəyanatını dərc edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin mətbuat üçün bəyanatında son günlər Azərbaycan ərazisində baş verən hadisələrlə bağlı ölkəmizin haqlı mövqeyi ərəb ictimaiyyətinə çatdırılıb. Geniş oxucu auditoriyasına malik olan “Cümhuriyyə” qəzetinin dərc etdiyi bu açıqlamada bildirilir ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannamədə təsbit olunmuş öhdəliklərini yerinə yetirmir, silahlı qruplaşmalarını Azərbaycan ərazisindən çıxarmaq istəmir, rəsmi Bakının sülh müqaviləsinin imzalanması təklifinə cavab vermir. Erməni tərəfinin bu əməlləri regionda sülhün bərqərar olmasına ciddi maneə törədir və beynəlxalq ictimaiyyət buna lazımi hüquqi qiymət verməlidir. Eyni zamanda, “Laçın dəhlizi” adlanan ərazidən Qarabağa silahlılar göndərən Ermənistan yuxarıda qeyd olunan Bəyannamənin daha bir müddəasını da kobudcasına pozur.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın Xocalı şəhərinin Fərrux kəndi yaxınlığında yerləşmiş erməni silahlı qruplaşmaları Ağdam və digər şəhərləri hədəf alırdı. “Ermənistan silahlı dəstələrinin suveren Azərbaycanın ərazisində olması tamamilə qanunsuz və beynəlxalq hüququn normalarına ziddir”, - deyə səfirliyin açıqlamasında vurğulanıb.
Sonda diqqətə çatdırılıb ki, Azərbaycan ərazisində olan erməni silahlı dəstələri dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və onların suveren ölkəmizin ərazisini tərk etməsi bölgədə gərginliyin aradan qaldırılmasına səbəb olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə