SİYASƏT
Dağlıq Qarabağ münaqişəsi Tbilisidə keçirilən təhlükəsizlik forumunda diqqət mərkəzində olub
Tbilisi, 16 may, AZƏRTAC
Tbilisidə keçirilən Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, forumun Cənubi Qafqazda təhlükəsizlik problemlərinə həsr olunmuş sessiyasında regionda mövcud olan problemlər geniş müzakirə olunub.
Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Maqdalena Qrono Cənubi Qafqazda mövcud olan münaqişələrdən danışıb, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükə olduğunu söyləyib. O deyib ki, problemin sülh yolu ilə həllində diplomatik danışıqlarla yanaşı, tərəflərin bir-birinə yaxınlaşdırılması üçün digər formatlardan da istifadə olunmalıdır. Bunun üçün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daha fəal cəlb olunmalıdır.
Sessiyada Azərbaycandan və Ermənistandan olan ekspertlər də çıxış ediblər.
Ermənistanın Milli Müdafiə Araşdırma Universitetinin vitse-prezidenti Benyamin Poqosyan deyib ki, ölkəsində formalaşan yeni hökumətdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə gözləmir. Yeni hökumət məsələ ilə bağlı fərqli heç bir yanaşma nümayiş etdirmir. O, yeni hökumətin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda mövqeyinin dəyişəcəyinə inanmadığını bildirib.
ADA Universitetinin dosenti, professor Anar Vəliyev Azərbaycan hökumətinin məsələ ilə bağlı haqlı və ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. O, Azərbaycan tərəfinin bütün çətinliklərə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Xətayi Əzizov
AZƏETAC-ın xüsusi müxbiri
Tbilisi