DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINDA AVROPA TƏSİSATLARI FƏAL İŞTİRAK ETMƏLİDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Marko Zakkera respublikamıza təmsil etdiyi quruma Azərbaycan barədə hazırlanacaq məruzə üçün müvafiq məlumat və materiallar toplamaq məqsədi ilə gəlmişdir.
Bunun üçün hər cür şərait və imkan olduğunu deyən nazir Elmar Məmmədyarov qonağa bu işdə müvəffəqiyyətlər arzulamışdır.
Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər, ölkələrin başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar və respublikamızın bu məsələdə mövqeyi barədə ətraflı məlumat vermişdir.
Xarici siyasət idarəsinin başçısı münaqişənin indiyədək öz həllini tapmamasının təkcə Azərbaycanın deyil, ümumilikdə regionun inkişafına, həmçinin Ermənistanın özünün də iqtisadiyyatına mənfi təsir göstərdiyini xüsusilə vurğulamışdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində terrorçu dəstələrin hazırlandığını və bu prosesin respublikamızın nəzarəti xaricində olduğunu deyən nazir, bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin son dərəcə vacib olduğunu qonağın diqqətinə çatdırmışdır.
Ölkəmizin vahid Avropa ailəsinin üzvü olduğunu söyləyən nazir Elmar Məmmədyarov, Azərbaycanın demokratik inkişaf yolu tutduğunu bildirmiş, münaqişənin nizama salınmasında Avropa təsisatlarının iştirakı və fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.