REGİONLAR
Daha 9 rayonda torpaqların elektron uçotu yekunlaşmaq üzrədir
Quba, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Artıq 12 rayonda işlər tamamlanıb, 9 rayonda isə yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 1-də Xaçmazda keçirilən işgüzar forumda məlumat verilib.
Forumda Torpaqların Elektron Uçotu Sisteminin qurulması və elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin mahiyyəti və nəticələri izah olunub.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təşkil olunan tədbirdə icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq və digər daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri həyata keçirilən işlər barədə ətraflı məlumatlandırılıblar.
Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Forum iştirakçılarına xəritələr vasitəsi ilə görülən işlər barədə məlumatlar verilib.
Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev diqqətə çatdırıb ki, bu tədbirlər torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına və 2016-cı il 7 mart tarixli Fərmanına əsasən həyata keçirilir.
Forumda uçot sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə də danışılıb. Qeyd olunub ki, əsas vəzifə təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini, mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir. Həmçinin sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.
Bildirilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu informasiya sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları əks etdirir.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli təmin ediləcək.