Gəncə Teatrında yeni səhnə əsərinin premyerası olub
Gəncə, 18 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Gəncə Dövlət Milli Dram Teatrının repertuar siyasətinə uyğun olaraq, Vaqif Əmiraslanın “Gülüstan” pyesinin motivləri əsasında hazırlanan eyniadlı yeni səhnə əsərinin premyerası böyük uğurla baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi-bədii salnaməsini özündə əks etdirir.
Yeni səhnə əsərinin ərsəyə gəlməsində peşəkar yaradıcı heyət iştirak edib. Tamaşanın müəllifi və quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik tərtibatçısı Sübhan İbrahimov, məsləhətçisi isə teatrın quruluşçu rejissoru Şahmar Məmmədovdur.
Səhnə əsərində teatrın geniş yaradıcı heyəti iştirak edib. Tamaşada Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova, aktyorlar Zülfiyyə Əliyeva, Samir Abbasov, Zəminə Cəfərova, Emil Salmanov, Elmir Məmmədov, Zeynəb Abdullayeva və digərləri yer alıblar.
Premyera tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Müxbir - Elcan Məmmədov