WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir
Ankara, 19 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Türkiyənin informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin bir sıra televiziya kanalları mayın 18-də WUF13-ün açılış mərasimindən canlı yayım apararaq çoxsaylı izləyicilərə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi forumun əhəmiyyəti barədə məlumat verib.
Reportajlarda Azərbaycan Prezidentinin çıxışından sitatlar təqdim olunub.
Prezident İlham Əliyevin Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də “Böyük qayıdış” proqramı ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Türkiyə mediası ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı səfəri proqramını da geniş işıqlandırıb.
Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirliyi arasında binalarda enerji səmərəliliyi sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə xəbərlər hazırlanıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulutun çıxışında 2023-cü ilin fevral zəlzələlərindən zərər çəkmiş bölgələrin bərpası prosesi və ölkənin şəhərsalma konsepsiyası barədə WUF13 iştirakçılarına verdiyi məlumatlar da media materiallarında yer alıb.
Bundan başqa, Türkiyənin bələdiyyə rəhbərlərinin Azərbaycandakı müzakirələrdə iştirakı, WUF13 çərçivəsində yaradılmış Türkiyə stendi, eləcə də Antalyada keçiriləcək COP31 iqlim sammitinin forum iştirakçılarına təqdimatlar barədə xəbər materialları hazırlanıb.