Yohan Vadeful: Türkiyə Ukrayna və İrandakı münaqişə ocaqlarına ciddi təsir göstərmək imkanına malikdir
Berlin, 18 may, AZƏRTAC
Berlində Türkiyə-Almaniya strateji dialoq mexanizminin üçüncü toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidanın və Yohan Vadefulun həmsədrliyi ilə keçirilən iclasda ikitərəfli əlaqələr, Türkiyə-Aİ əlaqələri, təhlükəsizlik və müdafiə, eləcə də regional məsələlərlə əlaqədar işçi qruplar arasında müzakirələr aparılıb.
Toplantıdan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Yohan Vadeful Türkiyənin Ukrayna və İrandakı müharibələrin həllində vasitəçilik səylərini yüksək qiymətləndirərək bildirib: “Türkiyə təkcə coğrafi yaxınlığı ilə deyil, həm də böyük siyasi və iqtisadi əhəmiyyəti sayəsində bu münaqişə ocaqlarına potensial olaraq ciddi təsir göstərmək imkanına malikdir. Buna görə də bütün bu məsələlər üzrə sizinlə mümkün olan ən sıx koordinasiya Almaniya üçün son dərəcə mühüm əhəmiyyət daşıyır”.
Hakan Fidan isə Almaniyanın Türkiyənin Avropada birinci, dünyada isə ikinci böyük ticarət tərəfdaşı olduğunu qeyd edərək, xüsusilə hazırkı geosiyasi şəraitdə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafının böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu sahədə əməkdaşlığımızın inkişafı əlaqələrimizin strateji əhəmiyyətini daha da artıracaq. Təhlükəsizlik sahəsində ortaq fəaliyyətimizin digər bir istiqaməti də terrorla mübarizədir”.
İkitərəfli əməkdaşlıqda Aİ-yə üzvlük prosesinin də mühüm yer tutduğunu qeyd edən Hakan Fidan bildirib ki, Türkiyənin Aİ-dən ən böyük gözləntisi ikitərəfli əlaqələrin və İttifaqa üzvlük prosesinin siyasi dairələrin təsirindən kənar şəkildə həyata keçirilməsidir.
Hakan Fidan iki ölkənin qanunsuz miqrasiya, regional təhlükəsizlik, enerji dəhlizləri və terrorla mübarizə kimi digər mühüm sahələrdə sıx əməkdaşlığının önəmini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Almaniyaya səfəri çərçivəsində Kansler Fridrix Merts tərəfindən qəbul edilib.