Can Quoçini şəhərsalma təhdidlərini aradan qaldırmaq üçün hamını birgə səylər göstərməyə çağırıb
Bakı, 18 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəsmi nümayəndəsi olaraq, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdən böyük şərəf duyuram. Həmçinin Sədr Si Cinpinin Azərbaycana ən xoş salamlarını çatdırmaq istəyirəm. Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ə isə böyük uğurlar, müvəffəqiyyətlər arzulayıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini deyib.
Can Quoçini Çin Xalq Respublikasının Sədri Si Cinpin sözlərini xatırladaraq bildirib ki, insanlar üçün şəhərlər insanlar tərəfindən tikilir və insanlar naminə tikilir. Odur ki, biz innovativ şəkildə yaşam üçün uyğun, davamlı, dayanıqlı və müasir şəhərlər yaratmalıyıq.
“Düşünürəm ki, bunun üçün BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək vacibdir. Gəlin, şəhərsalma təhdidlərini aradan qaldırmaq üçün birgə xidmət edək. Həmçinin bəşəriyyət üçün ortaq gələcək yaradaraq qlobal şəhər icması formalaşdıraq”, - deyə Can Quoçini bildirib.