Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycan üçün mühüm beynəlxalq platformadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın ölkəmizdəki səfiri Viktoriya Romero Kaballero bildirib.
Meksikanın Azərbaycanın ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdıran səfir WUF13-ün xüsusi əhəmiyyət daşıdığını deyib. O qeyd edib ki, tədbirdə Meksika geniş nümayəndə heyəti ilə təmsil olunur: "Bakıdan sonra növbəti Ümumdünya Şəhərsalma Forumuna Mexiko şəhəri ev sahibliyi edəcək. Bu, iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır".
Səfir əlavə edib ki, Meksikanın tədbir çərçivəsində təqdim etdiyi pavilyonda şəhər proqramları ilə yanaşı, ölkənin qədim mədəniyyət elementləri də nümayiş olunur: “Xüsusilə yaşlılar, uşaqlar və qadınlarla bağlı sosial məsələlərə diqqət olduqca vacibdir”.
Səfir WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək Bakıda əldə olunan təcrübənin gələcək fəaliyyətlərində nəzərə alınacağını bildirib.