Özbəkistanlı nümayəndə: Şəhərsalma sahəsində Azərbaycanla uğurlu əməkdaşlıq edirik
Bakı, 18 may, AZƏRTAC
Özbəkistanda urbanizasiya və yeni yaşayış massivlərinin qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir və bu prosesdə Azərbaycan şirkətləri də fəal iştirak edir.
Bu fikirləri Özbəkistanın Urbanizasiya üzrə Milli Komitəsinin nümayəndəsi Aziz Arkabayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında səsləndirib.
O bildirib ki, Özbəkistan nümayəndə heyəti Sessiya çərçivəsində ilk dəfə olaraq öz milli pavilyonunu və “Yeni Özbəkistan” layihəsinin maketini təqdim edir. “Bu layihə əhalisi sürətlə artan Özbəkistan üçün nəzərdə tutulub və təxminən iki milyon nəfərin yaşayışını əhatə edir. Hazırda ölkəmizin müxtəlif regionlarında “Yeni Özbəkistan” yaşayış massivləri inşa edilir və onların sayı artıq 6-ya çatıb.
Özbəkistanlı nümayəndə əlavə edib ki, WUF13 urbanizasiya siyasəti və şəhərsalma metodologiyasının müzakirəsi baxımından mühüm beynəlxalq platformadır.
“WUF13 mənzil təminatı, urbanizasiya siyasəti və şəhərlərin inkişaf metodologiyası ilə bağlı təcrübə mübadiləsi üçün böyük əhəmiyyət daşıyır. Burada əsas məqsəd insanların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır”, – deyə Əziz Arkabayev diqqətə çatdırıb.
O, Azərbaycan ilə Özbəkistan arasında şəhərsalma və tikinti sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq deyib: “Özbəkistanda çoxlu sayda Azərbaycan şirkəti yaşayış binaları, hotellər və iri yaşayış kompleksləri tikir. Qardaş Azərbaycanla münasibətlərimiz çox yüksək səviyyədədir və Azərbaycan podratçıları ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştirak edirlər”.