Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri: Azərbaycanın şəhərsalma sahəsindəki inkişafını yüksək qiymətləndiririk
Bakı, 18 may, AZƏRTAC
Yüksəksəviyyəli ev sahibliyinə görə Prezident İlham Əliyevə, bizi böyük səmimiyyət və ehtiramla qarşılayan Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bu böyük xalqdan belə qonaqpərvərlik və hörmət görmək əsla təəccüblü deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri Məcid ibn Abdullah əl-Hugail deyib.
Nazir Azərbaycanın şəhərsalma və inkişaf sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib: “Biz “Yaşıl Bakı”nı və Azərbaycanın əksər bölgələrində şəhərlərin necə gözəl inkişaf etdiyini gördükdə, bunun Səudiyyə Ərəbistanı Krallığındakı inkişaf prosesi ilə oxşarlıq təşkil etdiyini müşahidə edirik. Bizdə də “Yaşıl Səudiyyə” təşəbbüsü və şəhərsalma layihələri mövcuddur. Bu mənada iki qardaş xalq – Səudiyyə və Azərbaycan xalqları arasında böyük bir uyğunluq var”.
Məcid ibn Abdullah əl-Hugail qeyd edib ki, Azərbaycana səfəri zamanı müşahidə etdiyi infrastruktur və şəhərsalma sahəsindəki inkişaf ölkə rəhbərliyinin və Azərbaycan xalqının həyat keyfiyyətinin yüksəldilməsinə verdiyi önəmi aydın şəkildə nümayiş etdirir: “Ümid edirik ki, gələcəkdə iki xalq və iki rəhbərlik arasında daha böyük əməkdaşlıq olacaq. Çünki Azərbaycan hökuməti və onun seçilən xalqı ilə tərəfdaşlıq etmək bizim Səudiyyə Ərəbistanında can atdığımız bir hədəfdir və inanırıq ki, Azərbaycan xalqı da Səudiyyə Krallığına eyni marağı göstərir”.
“Sərginin uğurla keçməsini arzulayıram və ümid edirəm ki, yaxın gələcəkdə Səudiyyə və Azərbaycanın özəl şirkətləri arasında bir çox yeni müqavilələr imzalanacaq”, - deyə Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri əlavə edib.
Müxbir - Aynur Əlixanlı