İDMAN
Daha iki boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
Bakı, 14 avqust, AZƏRTAC
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha iki idmançısı çıxışını qələbə ilə başa vurub.
Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kiloqram
çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib.
Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 hesabı ilə rəqibinə qalib gəlib.
Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.