Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsinə dair layihənin yekun tədbiri keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsinə dair həyata keçirilən layihənin sonuncu mərhələsi Lənkəran rayonu 1 nömrəli tam orta məktəbdə reallaşıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın üzvü İsmayıl Ağacanlı dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu mənəvi irsin hər bir gənc tərəfindən öyrənilməli olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə həyata keçirilən layihənin gənclər üçün böyük əhəmiyyəti var.
Lənkəran Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruslan Hüseynov qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir.
Rayon təhsil sektorunun nümayəndəsi Cəmil Axundzadə çıxışında bildirib ki, Azərbaycan xalqı tariximizdə silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Layihənin eksperti Elçin Həsənli müsbət rəyini bildirərək əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində Ulu Öndərin bu arzusu gerçəkləşdi. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli Bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada, Xocalıda, Xankəndidə qürurla dalğalanır.
Qeyd edək ki, layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatla təltif olunublar.