Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndələri Aqrar Universitetdə olublar
Gəncə, 16 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Qurumun Daxili nəzarət departamentinin rəisi Yusif Qəmərli, müavini Əliağa Paşayev, Kadrlar departamentinin rəisi Rauf Abbasov, müavini Fuad Əsgərov və Gəncə ərazi idarəsinin rəisi Fizuli Əliyev əvvəlcə ADAU rəhbərliyi ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə universitetin rektoru Zəfər Qurbanov yerquruluşu istiqamətində ali təhsil müəssisəsinin maddi-texniki bazası və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün mövcud olan imkanlarından söz açıb. Bildirib ki, burada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən ibarətdir.
Rauf Abbasov Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələrdən danışıb. Təmsil etdiyi qurumun məqsədlərindən birinin ADAU ilə birgə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması olduğunu və məzunların işlə təmin edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Daha sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin əməkdaşları ilə Aqrotexnologiya fakültəsinin bir qrup tələbəsi arasında görüş keçirilib. Görüşdə karyera imkanları və müasir standartlara cavab verən mütəxəssislərə olan tələbatdan danışılıb, tələbələrin sualları cavablandırılıb.