Daşkənddə “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub
Daşkənd, 28 oktyabr, АZƏRTAC
Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişində səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tamaşaya teatrın rejissoru, Əməkdar İncəsənət Xadimi Əhəd Farmonov quruluş verib. Əsas rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Baxram Baltoev, Marifat Artikova və başqaları ifa ediblər.
“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulub. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.
Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür, teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb. Bu əsər 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd