DAŞKƏNDDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ - RESPUBLIKA GÜNÜ İLƏ ƏLAQƏDAR MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi “Taşkent-Palas” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi - Respublika günü münasibətilə qəbul keçirmişdir.
Qəbulda Özbəkistan Baş nazirinin müavini Nadirxon Xanov, xarici dövlətlərin səfirləri, Azərbaycan və türk diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov mərasimə toplaşanları salamlamış, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, inkişafı haqqında danışmış, qısa müddət ərzində hökumətin təhsil, səhiyyə, hərbi quruculuq və digər sahələrdə uğurlar əldə etdiyini vurğulamışdır. Səfir demişdir: “Azərbaycan dövləti Demokratik Cumhuriyyətin siyasi varisi kimi onun bayrağını, gerbini və himnini qəbul etmişdir”.
Namiq Abbasov son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat vermiş, son dörd ildə büdcə xərclərinin 10 dəfə artdığını xüsusi vurğulamış, ölkənin neft strategiyası, sahibkarlıq, regionların inkişafı proqramı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüslərindən söhbət açmışdır.
Səfir qeyd etmişdir ki, bu münaqişə nəticəsində ölkəmiz 20 min nəfərdən çox qurban vermiş, 50 mindən artıq adam yaralanmışdır.