Daşkənddə “Musiqi təhsili: dünya miqyasında vahid məkan istiqamətində” mövzusunda beynəlxalq forum
Bakı, 21 may, AZƏRTAC
Daşkənddə “Musiqi təhsili: dünya miqyasında vahid məkan istiqamətində” mövzusunda ilk beynəlxalq forum keçirilib. Tədbirdə 200-ə yaxın iştirakçı, o cümlədən Azərbaycan, ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Kanada, Cənubi Koreya, Fransa, İtaliya, Macarıstan, Türkiyə, Qazaxıstan, Çin, İndoneziya, Qırğızıstan və Tacikistandan olan alimlər, universitet rəhbərləri, etnomusiqişünaslar, müəllimlər və tələbələr iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Forumun ilk günündə “Mədəniyyət təhsilində süni intellektin əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Çıxışlarda süni intellekt texnologiyalarının musiqi, vizual dizayn və media sənətində tətbiqi, rəqəmsal transformasiya və innovativ platformaların rolu müzakirə olunub. Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazbek Tojixonov, TÜRKSOY-un Baş katibi Sultan Raev, ICESCO-nun Bakıdakı Regional Ofisinin direktoru Abdulhakim Al-Senan və digər iştirakçılar musiqinin xalqlar arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli çıxışında mədəni irsin qorunmasında süni intellektin rolundan danışıb, 3D skanlaşdırma, rəqəmsal arxivləşdirmə, avtomatik tərcümə və virtual muzey platformalarının tarixi abidələr, eksponatlar və əlyazmaların qorunmasına yeni imkanlar yaratdığını bildirib. O qeyd edib ki, “ağıllı şəhər” konsepsiyası çərçivəsində süni intellekt tarixi abidələrin monitorinqi və rəqəmsal mühafizəsi üçün strateji vasitədir və bu yanaşma Bakıda keçirilən WUF13-ün dayanıqlı və mədəni kimliyə əsaslanan şəhər inkişafı gündəliyi ilə üst-üstə düşür. Vurğulanıb ki, süni intellekt insan amilini əvəz etməməli, əksinə, mütəxəssislərin bilik və təcrübəsini gücləndirən yardımçı texnologiya kimi istifadə olunmalıdır.
Forum çərçivəsində 80-dən çox elmi iş və innovativ layihə təqdim edilib, 20-yə yaxın əməkdaşlıq memorandumu imzalanıb və 10 bənddən ibarət qətnamə qəbul olunub.
İştirakçılar üçün “Tashkent City” parkında “Open Air” qala-konserti təşkil olunub. Konsertdə Özbəkistan Dövlət Simfonik Orkestri və Xalq artistləri Gülyanaq Məmmədova, Nəsibə Abdullayeva, Fərrux Zakirov və digər tanınmış sənət adamları çıxış ediblər.