Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24,5 kilometr təşkil edir. Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitən ərazilərdə, daha dəqiqi 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Yolboyu 10 metr enində yeni yol yatağı inşa olunub, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bundan başqa, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri də aparılıb. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün optimal qırmadaş, üst layının tikintisi üçün isə qum-çınqıl qarışığı ilə aparılıb, çiyinlərin bərkidilməsi işləri görülüb.
Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi də layihədə görülən işlərin siyahısındadır. Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərini quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. Bu işlərin yaxın müddətdə görülərək yolun istifadəyə verilməsi planlaşdırılır.