David Songulaşvili: Regional əməkdaşlıq qlobal ərzaq təhlükəsizliyinin əsas şərtidir
Bakı, 6 may, AZƏRTAC
Qlobal miqyasda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində mövcud olan mürəkkəb çağırışların yalnız milli səviyyədə həlli mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Songulaşvili “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Qafqaz regionu, Qara dəniz və Xəzər hövzəsi ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi ümumi problemlərin birgə həlli baxımından xüsusi əhəmiyyət daşıyır.
“Qlobal geosiyasi gərginliklər kənd təsərrüfatı və ərzaq təchizatı zəncirlərinə ciddi təsir göstərir. Bu səbəbdən regional əməkdaşlığın daha da gücləndirilməsi vacibdir. Xüsusilə Orta Dəhliz çərçivəsində Azərbaycan və Gürcüstanın rolu strateji əhəmiyyətə malikdir və bu istiqamətdə koordinasiyanın artırılması zəruridir. Mövcud qlobal qeyri-müəyyənliklər fonunda dəhliz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, açıq, sabit və təhlükəsiz mühitin təmin olunması, iqtisadi artımın dəstəklənməsi və regionun investisiya cəlbediciliyinin artırılması əsas prioritetlərdəndir”, - deyə gürcü nazir əlavə edib.
David Songulaşvili qeyd edib ki, əməkdaşlıq yalnız ticarət əlaqələri ilə məhdudlaşmır, eyni zamanda, etimadın möhkəmləndirilməsi, tərəfdaşlığın gücləndirilməsi və regional sabitliyin dəstəklənməsi deməkdir.