Daxili dövlət borcu ÜDM-in 14,8 faizini təşkil edib
Bakı, 13 fevral, AZƏRTAC
Bu il yanvarın 1-nə daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil edib.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artıb.
Daxili dövlət borcunun artmasının əsas səbəbi strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.
2025-ci il 1 yanvar tarixinə daxili dövlət borcunun 9 milyard 506 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 9 dəfə artaraq 9 milyard 506 milyon manata çatıb.
Hesabat tarixinə dövriyyədə olan 9 milyard 506 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 17,5 faizi 1 illik, 72,4 faizi 2 və 3 illik, 10,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.