DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
12-də Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və respublikanın baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov ATƏT-in Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə respublikamızda akkreditə olunmuş bir sıra ölkələrin səfirlərini və müvəqqəti işlər vəkillərini qəbul etmişlər.
Qəbulda Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin, Böyük Britaniyanın, Norveçin, Rumıniyanın, Özbəkistanın, Polşanın və Bolqarıstanın səfirləri, həmçinin Almaniyanın, Yunanıstanın,Ukraynanın və Qazaxıstanın müvəqqəti işlər vəkilləri iştirak etmişlər.
Qonaqlara Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə son illər ölkədə aparılan demokratik və hüquqi dövlət quruculuğu, geniş islahatlar kursu və onların uğurlu nəticələri barədə, eləcə də cinayətkarlığa qarşı mübarizə və mövcud kriminogen durum ilə bağlı ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, dövlət başçısının gərgin əməyi və səyləri nəticəsində respublikada insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, iqtisadi tərəqqiyə və bu yönümdə səmərəli əməkdaşlığa imkan verən ictimai-siyasi sabitlik yaradılmış və onun dönməzliyi təmin olunmuşdur.
Eyni zamanda, qonaqlar 2002-ci il mayın 7-də və iyunun 3-də Bakının Nardaran qəsəbəsində baş vermiş kütləvi iğtişaşlar, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsi, xuliqanlıq və bu faktlarla əlaqədar aparılan istintaq-əməliyyat tədbirlərinin gedişatı barədə ətraflı məlumatlandırılmış, habelə həmin hadisələrlə bağlı onları maraqlandıran suallara cavab verilmişdir.
Sonda ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir cənab Piter Burhart müraciətlərini nəzərə alaraq onları dərhal qəbul etdiklərinə, respublikadakı kriminogen durumla və Nardaran hadisələri ilə bağlı ətraflı məlumat verdiklərinə görə daxili işlər nazirinə və respublikanın baş prokuroruna görüşdə iştirak edən diplomatik nümayəndəliklərin rəhbərləri və öz adından dərin minnətdarlığını bildirmişdir.