DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 24-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Peter Burhat, həmin təşkilatın ölkəmizdə işgüzar səfərdə olan polis məsələləri üzrə baş müşaviri Riçard Mark ilə görüşmüşdür.
Nazir dövlət müstəqilliyimizin əldə edildiyi ilk illərdə ölkəmizdə yaranmış ağır, qeyri-sabit şərait, siyasi böhran və vətəndaş qarşıdurması barədə məlumat vermiş, yalnız Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra əmin-amanlığın bərqərar olunduğunu, kriminogen durumun tam nəzarətə götürüldüyünü söyləmişdir.
Polis orqanları qarşısında duran problemlərdən söz açan R.Usubov narkotik vasitələrin qaçaqmalçılığı və ölkəmizin ərazisindən tranzit yolla daşınması ilə mübarizənin, məlum 11 sentyabr hadisəsindən sonra terrorizmin hər cür təzahürlərinə qarşı mübarizənin hüquq-mühafizə orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirmişdir.
Qonaqlar təmsil etdikləri təşkilatın son bir neçə il ərzində polislə əlaqələr sahəsində zəngin təcrübə topladığını, bu məqsədlə ATƏT-in qərargahında polisin fəaliyyəti ilə bağlı yeni qurumlar yaradıldığını, Azərbaycanın daxili işlər orqanlarının gündəlik tələbat və ehtiyaclarının öyrənilməsi məqsədi ilə ilkin qiymətləndirmə aparacaqlarını, sonra bu sahədə ekspertlər səviyyəsində işlərin davam etdiriləcəyini bildirmişlər.
Bu xəbər AZƏRTAC-a DİN-in mətbuat xidmətindən daxil olmuşdur.