DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdə duran məsələlərin çox aktual olduğunu qeyd edərək, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin vətəndaşların qəbulu, ərizə və şikayətlərinə vaxtında baxılmasına həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulamışdır. Nazir demişdir ki, Prezidentimiz İlham Əliyev hələ seçkiqabağı kampaniya zamanı respublikamızın ayrı-ayrı bölgələrində seçicilərlə çoxsaylı görüşlərində, həmçinin sonra keçirdiyi çoxsaylı görüşlərdə, toplantılarda vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı bütün icra orqanlarından, vəzifəli şəxslərdən tələb etmişdir.
Ötən il noyabrın 24-də imzalanmış “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanda da vətəndaşların müəyyən olunmuş cədvələ uyğun surətdə qəbulu, müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həlli, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmişdir. Bu tədbirlərin icrası ilə bağlı nazirliyin müvafiq xidmətləri ərazi polis orqanlarında müvafiq yoxlamalar aparmış, yerlərdə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyətini öyrənmişdir.
Gündəlikdəki ikinci məsələyə toxunan general-polkovnik Ramil Usubov yol-nəqliyyat hadisələrinin qarşısının alınması, nəqliyyat vasitələri ilə bağlı cinayətlərin üstünün açılmasına toxunmuş və demişdir ki, son on ildə ölkəmizdə nəqliyyat vasitələrinin sayının hər il 15-20 min ədəd artması ilə bərabər, yerlərdə ayrı-ayrı xidmət rəislərinin işin təşkilində buraxdıqları nöqsanlar, digər subyektiv amillər yol-qəza hadisələrinin sayının çoxalmasını şərtləndirən amillərdir.
Gündəlikdəki birinci məsələ ilə əlaqədar məruzə edən DİN katibliyinin rəisi, polis polkovniki Qurban Məmmədov vurğulamışdır ki, nazirliyin rəhbərliyi tərəfindən görülən məqsədyönlü tədbirlər və göstərilən yüksək tələbkarlıq nəticəsində vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə diqqət daha da artırılmış, bu məsələdə nöqsanlara yol vermiş əməkdaşlar cəzalandırılmışlar. Təkcə ötən il operativ xidmət rəhbərləri tərəfindən 3861 vətəndaş qəbul edilərək qaldırılan problemlərin həlli istiqamətində qəti tədbirlər görülmüşdür.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və cinayətlərin açılması, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev yol-nəqliyyat hadisələri ilə bağlı aparılan istintaq işlərinin vəziyyəti barədə məruzələrlə çıxış etmişlər.
DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov şəxsi heyətin fiziki hazırlığının təşkili və həyata keçirilməsinin vəziyyəti barədə çıxış etmiş və demişdir ki, Prezident İlham Əliyevin xalqımızın sağlamlığına, ölkədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğı əhali, xüsusən də gənclər arasında bu sahəyə marağı xeyli artırmış, bunun nəticəsində idmançılarımız müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanın şərəfini ucaltmışlar. Sevindirici haldır ki, bu proses daxili işlər orqanlarından da yan keçməmiş, müxtəlif idman növləri ilə məşğul olan əməkdaşlarımızın sayı xeyli artmışdır. Müstəqillik illərində ölkəmizdə olimpiya çempionu adı qazanmış hər üç idmançı DİO-nun əməkdaşıdır.
Ayrı-ayrı idarə və xidmət rəisləri görülmüş müsbət işlərlə yanaşı, buraxılmış nöqsan və çatışmazlıqlar barədə ətraflı danışmış və onların aradan qaldırılacağını bildirmişlər.
Kollegiyaya yekun vuran general-polkovnik Ramil Usubov vətəndaşların qəbuluna, müraciətinə, ərizə və şikayətlərinə vaxtında, qanun çərçivəsində baxılmasının ölkəmizin Prezidentinin və DİN rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. O, hər bir müraciətin, ərizənin arxasında konkret vətəndaşın dayandığını, bu işin dövlət əhəmiyyəti daşıdığını xatırlatmış, orqan və xidmət rəislərindən dövlətimizin başçısının bütün tapşırıqlarının, göstərişlərinin, həmçinin qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə yerinə yetirilməsini tələb etmişdir.
Daha sonra DİN rəhbəri yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların sayının azaldılması, şəxsi heyətin fiziki, döyüş və peşə hazırlığının artırılmastı üçün tövsiyələrini vermiş, nöqsanların qarşısının alınmasının konkret yollarını göstərmişdir.