“DEBÜTLƏR BİRLİYİ” MÜKAFATINA NAMİZƏDLƏR MÜƏYYƏN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2008-ci ildə 35 yaşadək şairlər üçün elan edilmiş “Debütlər birliyi” beynəlxalq mükafatının təşkilat komitəsi mükafata namizədlərin qısa siyahısını dərc etmişdir. Siyahıya MDB-nin 10 ölkəsindən - Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacıkistan, Belarus, Ukrayna və Ermənistandan 19 şairin adı daxil edilmişdir. Azərbaycandan mükafata namizəd İlqar Fəhmidir. Bu il müsabiqədə iştirak üçün adı çəkilən ölkələrdən 100-dən çox müəllif qeydə alınmışdır. Müsabiqədə həm rus, həm də milli dillərdə yazan şairlər iştirak etmişlər. Xarici dildə yazılan əsərlər əvvəlcə Rusiya tərçüməçiləri tərəfindən rus dilinə tərcümə edilmişdir.
Təşkilat komitəsindən bildirmişlər ki, qaliblər və laureatlar sentyabrın 9-da Moskvada elan olunacaqlar. Mükafatlandırma mərasimi Tacikistanın paytaxtı Düşənbədə - MDB ölkələri yaradıcı və elmi ziyalılarının 3-cü forumu (18-20 sentyabr) çərçivəsində keçiriləcəkdir.
Mükafat 2008-ci ilin aprelində MDB ölkələrinin humanitar əməkdaşlıq Şurası və MDB ölkələrinin humanitar əməkdaşlığının dövlətlərarası fondu tərəfindən təsis edilmişdir. Məqsəd MDB ölkələrinin yaradıcı gənclərini dəstəkləmək və mədəniyyət, incəsənət, elm və təhsil sahəsində ünsiyyəti və əməkdaşlığı inkişaf etdirmək, gənc müəlliflərin, ifaçıların, alimlərin peşəkarlığının yüksəlməsinə kömək etmək, onların əsərlərini, elmi nailiyyətlərini, digər uğurlarını MDB-nin və dünyanın peşəkar birliklərində tanıtmaqdır.
Münsiflər heyətinin sədri tanınmış incəsənət xadimi, professor, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.