Azərbaycan Dövlət Dəmir Yolu, “Gürcüstan dəmir yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qazaxıstan dəmir yolu” Səhmdar Cəmiyyətinin “Qazaxıstan servis” müəssisəsi arasında Poti-Böyük Kəsik-Bakı-Aktau-Almatı marşrutu və əks istiqamətə əlavə yük daşınması həcminin artırılmasına dair 2004-cü il iyulun 29-da Bakıda imzalanan üçtərəfli protokola, həmçinin Rumıniya dəmir yolunda “Marfa səhmdar cəmiyyəti mülkiyyəti” və “Gürcüstan dəmir yolu” MMC, habelə “Batumi dəniz limanı” MMC arasında bu il iyunun 25-26-da Batumidə imzalanan protokola əsasən Batumi limanında Avropa dəmir yoluna uyğun terminalın tikintisi ilə əlaqədar artacaq yükdaşıma tariflərinin razılaşdırılması üzrə ekspertlərin avqustun 12-13-də işçi görüşü keçiriləcəkdir.
Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qədim İpək Yolunun bərpasında müstəsna rol oynayacaq bu tədbirdə Azərbaycanı dəmir yolu rəisinin iqtisadi məsələlər üzrə müavini İqbal Hüseynovun rəhbərliyi ilə ekspertlər qrupu təmsil edəcəkdir. Qrupun üzvləri Qazaxıstan, Gürcüstan və Rumıniyadan olan həmkarları ilə fikir mübadiləsi aparacaq və müvafiq sənəd imzalayacaqlar. Bu, Azərbaycan Dövlət Dəmir Yolu ilə yük daşımağa marağı olan müştərilərin, eyni zamanda, dəmiryolçuların gəlirlərinin artmasında əhəmiyyətli rol oynayacaqdır.