Dendrologiya İnstitutunun əməkdaşları Buzovna qəsəbəsində ekspedisiyada olublar
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də AMEA-nın Dendrologiya İnstitutunun Bitki ekologiyası laboratoriyasının əməkdaşları tədqiq çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı yeni salınmış parklara introduksiya edilmiş yeni növlərə ekoloji amillərin təsirini qiymətləndirmək üçün havanın, torpağın temperaturu, havanın nisbi rütubəti və radiasiya fonu ölçülüb, bitkilər üzərində finoloji müşahidələr aparılıb, fotosintez prosesinin gedişini tədqiq etmək üçün bitkilərin yarpaqlarından nümunələr götürülüb, xlorofilin miqdarı ölçülüb.
Qeyd edək ki, Bitki ekologiyası laboratoriyasının əməkdaşları son 3 il ərzində tədqiqat işlərini yeni introduksiya olunmuş növlərə Abşeronun iqlim-torpaq şəraiti, su qıtlığı və son illərdə müşahidə olunan iqlim dəyişkənliyinin təsirini öyrənməyə yönəldiblər. Buraya sənaye tullantıları, atmosfer havasının qaz tərkibinin nəqliyyat vasitələrinin qazlarını əlavə etsək, xüsusilə də gətirilmiş yeni növlərin Abşeron şəraitində məruz qaldığı stress nəzərə çarpacaq dərəcədə böyükdür. Onlar gətirilmiş yeni ekzotik bitkilərin - ağac və kol bitkilərinin, su qıtlığına, şoranlaşma dərəcəsi və qatılığına yüksək müsbət temperatur göstəriciləri, iqlim dəyişmələrinə və s. ekoloji amillər təsirinə uyğunlaşma, davamlılıq dərəcəsi, biointoksikasiya və bioindikator xassələrini aşkar edərək, Abşeronun iqliminə dözümlü olan dekorativ bitkilərin yaşıllaşdırma və introduksiya tədbirlərinə öz təkliflərini veriblər. Tədqiqat prosesində ən müasir avadanlıqlardan istifadə edərək, həm çöl şəraitində fenoloji müşahidələr, həm də laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparılır.