Deputat : Qarabağ Dirçəliş Fondu dünya azərbaycanlılarının birlik fonduna çevrilməlidir
Bakı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Fərmanı ilə “Qarabağ Dirçəliş Fondunun yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş torpaqların yenidən bərpası, abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir. Eyni zamanda, dünya azərbaycanlılarını bu prosesə qoşmaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılacağını qeyd edən deputat bildirib: “Bu ilin dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev son çıxışlarında da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Dövlət işğaldan azad edilmiş ərazilərimizə həyatın tezliklə qayıtması üçün heç nəyi əsirgəmir. Bununla belə, bu prosesə vətəndaşların, xaricdə yaşayan soydaşlarımızın, eyni zamanda, Azərbaycana dost olan dövlətlərin, xalqların dəstəkləri də cəlb edilməlidir. Bütün bu dəstəklərin bir mərkəzdən koordinasiya edilməsi üçün yaradılmış Fond olduqca zəruridir”.
A.Məmmədovun sözlərinə görə, Fondun effektiv fəaliyyətində ərazisi işğaldan azad edilmiş rayonların sakinləri, xüsusilə bu rayonlardan olub xaricdə yaşayanlar daha fəal olmalıdırlar. “Fonda dəstək vermək təkcə oraya ianə etmək demək deyil. Hər cür iqtisadi perspektivlərə malik olan ərazilərimizə investisiya qoymaq, iş fəaliyyətini bərpa etmək də rayonlarımızda məskunlaşma prosesinə ciddi təsir göstərəcək. Bu baxımdan, Azərbaycan Prezidentinin rəhbərliyi ilə rayonlarımızda aparılacaq dirçəliş və quruculuq işlərində imkanı olan hər bir soydaşımız yer almalıdır. Qarabağ Dirçəliş Fondu dünya azərbaycanlılarının birlik fonduna çevrilməlidir”, - deyə deputat bildirib.