Deputat: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun sabitliyi üçün nümunə ola bilər
Bakı, 15 iyul, AZƏRTAC
IV Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi təsadüfi seçim deyil. Beş il əvvəl bu şəhərdə Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini imzalamış və bununla da iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdı. Forum çərçivəsində bu mövzunun yenidən diqqətə gəlməsi təsadüfi deyil. Şuşa özü bu gün Azərbaycan-Türkiyə əlaqələrinin rəmzi məkanlarından birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin mahiyyəti sadə tərəfdaşlıqdan fərqlənir. Söhbət təkcə dostluq və qardaşlıqdan getmir. Bu, qarşılıqlı müdafiə öhdəliyi daşıyan real müttəfiqlikdir: tərəflərdən birinə qarşı yönəlmiş hər hansı təhlükə halında digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə dəstəyə qalxır. Siyasi, iqtisadi, enerji və bağlantı sahələrində əməkdaşlığın səviyyəsinə görə dünyada bu qədər yaxın olan başqa iki dövlət tapmaq çətindir. Maraqlıdır ki, ortaq etnik köklər və mədəni yaxınlıq özlüyündə belə səviyyəli münasibətlərin təminatçısı deyil.
Çünki dünya tarixində bənzər dil və kök daşıyan xalqların bir-biri ilə qarşıdurmaya girdiyi kifayət qədər nümunə mövcuddur. Azərbaycan-Türkiyə modelini fərqləndirən isə məhz bu potensialın ardıcıl siyasi iradə ilə real əməkdaşlığa çevrilməsidir. Bu baxımdan model region üçün nümunə xarakteri daşıyır, qonşuların bir-biri ilə necə davrana biləcəyinin göstəricisidir. Bu modelin dəyəri həm də onun sınaqdan keçmiş olmasındadır. Son illərdə regionda gedən mürəkkəb proseslər - münaqişələrin həlli, sülh danışıqları, yeni təhlükəsizlik arxitekturasının formalaşması fonunda Azərbaycan-Türkiyə əməkdaşlığı sabitlik amili kimi çıxış edib. İki ölkənin bir-birinin milli maraqlarına hörmətlə yanaşması və mühüm məsələlərdə ortaq mövqe nümayiş etdirməsi region daxilində və xaricində etibarlı tərəfdaş kimi qəbul edilmələrinə töhfə verib.
Deputatın sözlərinə görə, bu münasibətlərin əhəmiyyəti təkcə ikitərəfli müstəvidə deyil, həm də regional sabitlik və bağlantı kontekstində özünü göstərir. Nəqliyyat dəhlizlərinin inkişafından enerji layihələrinin həyata keçirilməsinədək bir çox strateji istiqamətdə Azərbaycan-Türkiyə tandemi əsas hərəkətverici qüvvələrdən biridir. Bu müttəfiqliyin çərçivəsi son illərdə yeni məzmunla zənginləşib. Azərbaycan artıq bir sıra hərbi məhsullar əldə edib, onlardan bəziləri tarixi Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda nümayiş etdirilib. Hərbi-texniki əməkdaşlığın inkişafı ilə yanaşı, ticarət, sərmayə və insanlar arasında təmaslar sahəsində də əlaqələr davamlı olaraq genişlənir. Bütün bunlar göstərir ki, Şuşa Bəyannaməsi ilə əldə olunan müttəfiqlik statusu kağız üzərində qalmayıb, konkret sahələrdə ardıcıl əməkdaşlığa çevrilib.
Sevinc Fətəliyeva qeyd edib ki, Türkiyə-Azərbaycan modelinin əhəmiyyəti təkcə ikitərəfli müstəvi ilə məhdudlaşmır. Region hazırda ciddi transformasiya dövrü yaşayır və belə bir şəraitdə etibarlı, sınaqdan çıxmış tərəfdaşlıq nümunələri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə tandemi bir çox strateji istiqamətdə - nəqliyyat dəhlizlərinin inkişafından enerji layihələrinin həyata keçirilməsinədək regionun sabitliyinə töhfə verən əsas hərəkətverici qüvvələrdən biri kimi çıxış edir. Bu təcrübə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki geniş həmrəylik prosesinin də mühüm dayaqlarından birini təşkil edir.
“Şuşa Forumunun beynəlxalq media nümayəndələrinə məhz bu şəhərdə - Bəyannamənin imzalandığı məkanda ev sahibliyi etməsi rəmzi mesajdır. Qardaşlıqdan müttəfiqliyə keçən yol nəinki iki dövlətin, həm də bütövlükdə regionun sabitliyi üçün nümunə ola bilər. Qonşuluq münasibətlərinin necə qurula biləcəyini göstərən bu təcrübə region üçün nəzəri konsepsiya deyil, praktiki sınaqdan keçmiş modeldir. Bu təcrübənin gələcəkdə digər qonşuluq münasibətlərinə də ilham verməsi gözlənilən və arzu olunan istiqamətdir”, - deyə deputat vurğulayıb.