Deputat: Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir
Bakı, 22 aprel, AZƏRTAC
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrimizin arasında əlaqələrin inkişafına təkan verəcək. Bu səfər çərçivəsində imzalanmış dövlətlərarası sənədlər qarşılıqlı münasibətlərin gələcək inkişafında mühüm amildir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində 10 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Bu, o deməkdir ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qarşılıqlı əməkdaşlığın səmərəliliyini artıran digər amil isə Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunmasıdır.
Deputatın sözlərinə görə, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə qarşılıqlı dəstək ifadə edirlər. Bundan əlavə, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Dövlət başçılarının görüşü zamanı gələn il Qırğız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırdı. Dövlətimizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edərək, belə bir hadisənin əlamətdarlığını xatırladaraq ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlığın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkib.
“Azərbaycan və qırğız xalqlarını tarixi dostluq və qardaşlıq əlaqələri birləşdirir. Bizi birləşdirən ortaq tarix və mədəni dəyərlər var. Azərbaycanla Qırğızıstan Türk Dövlətləri Təşkilatında da fəal əməkdaşlıq edirlər, türk xalqlarının birliyinə töhfələr verirlər. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləyib. Bu kimi faktlar münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir”, - deyə S.Fətəliyeva vurğulayıb.