Deputat: Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, beynəlxalq münasibətləri günü-gündən inkişaf edir
Bakı, 24 fevral, AZƏRTAC
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalaması ölkəmizin öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürütməsinin nəticəsidir. Çünki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “... qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.
O bildirib ki, bu gün Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Rusiya da Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. İki ölkə arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir və bununla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayırlar. Bu gün Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri günü-gündən inkişaf edir.
C.Paşazadə qeyd edib ki, Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Moskva Bəyannaməsi bu əlaqələrin bariz nümunəsidir. Bu Bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılaraq hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, eləcə də 2021-ci il 11 yanvar tarixli və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.
“Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc, bacarıq, məharətli diplomatiya tələb edir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.