Deputat: Böyük turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi qısa zamanda bərpa etməyə imkan verəcək
Bakı, 25 noyabr, AZƏRTAC
Böyük turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi qısa zamanda bərpa etməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonun payına düşür. “Söyüdlü” yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, “Ağduzdağ” və “Tutxun” qızıl yataqlarında 15 tona yaxın qızıl, “Ağyataq”, “Levçay”, “Çorbulaq”, “Qamışlı” və “Ağqaya” yataqlarında isə min tondan artıq civə ehtiyatları var. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Həmçinin tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.
“Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlıq ziyan dəyib. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.