SİYASƏT
Deputat: Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycanın xarici siyasət prioritetləri arasında Avropa dövlətləri ilə münasibətlər xüsusi yerə və rola malikdir. Məsələyə bu kontekstdə yanaşdıqda görürük ki, Azərbaycan-Böyük Britaniya münasibətləri də dinamik inkişaf tempinə malikdir. Təsadüfi deyil ki, Böyük Britaniya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yerdədir. Azərbaycana qoyulan investisiyanın həcmi baxımından da Böyük Britaniyanın xüsusi yeri və çəkisi var. Martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşündə səsləndirilən fikirlər yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Baronessa Emma Nikolson, ilk növbədə, onu vurğuladı ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidentinə təbrik məktubu göndərib. 30 illik tarixə malik Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı, tərəqqisi ilə bağlı xoş sözlərini, səmimi fikirlərini çatdırıb. İkitərəfli diplomatik münasibətlərin 30 ilinin tamamında ifadə olunan bu mövqe bir daha onu göstərir ki, Bakı-London münasibətləri bütün sahələrdə inkişaf tempinə malikdir. Görüşdə Prezident İlham Əliyev ölkələrimiz arasında enerji sahəsində əlaqələrin yüksək templə inkişaf etdiyini vurğuladı. BP bizim əsas tərəfdaşlarımızdan biridir, eyni zamanda, Qarabağın bərpası və yenidən qurulması işlərində Böyük Britaniya şirkətləri də fəaliyyət göstərirlər. Onlar xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətlərini davam etdirirlər. Gələcəkdə də həm enerji, həm də bərpaolunan enerji sahəsinə xüsusi diqqət ayrılmalıdır. Azərbaycan ənənəvi enerji sahəsində Böyük Britaniya ilə yüksək səviyyəli münasibətlərə malikdir. Eyni zamanda, bərpaolunan enerji sahəsində ikitərəfli münasibətlərimiz çox böyük perspektivlərə malikdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirir, Böyük Britaniya ilə münasibətlərimizi inkişaf etdirir”, - deyə Elman Nəsirov vurğulayıb.
Deputat qeyd edib ki, təkcə Böyük Britaniya deyil, İtaliya və Fransa rəhbərləri də Azərbaycan Prezidentinə məktublar göndərərək, ikitərəfli münasibətlərimizə yüksək qiymət veriblər. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu beynəlxalq aləmdə çox böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu da əsasən onunla bağlıdır ki, Prezident İlham Əliyev, ilk növbədə, müstəqil xarici siyasət kursu həyata keçirir. Milli maraqlara söykənən xarici siyasət kursu bərabərhüquqlu əməkdaşlığa əsaslanır, eyni zamanda, tərəfdaşlarının da maraqlarını nəzərə alır. Məhz bunun sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir və nəticə etibarilə bu gün ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilməkdədir. Dünyanı narahat edən ən qlobal problemlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınır. Bu da, ilk növbədə, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir.