Deputat: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük əhəmiyyətə malik tarixi hadisə olacaq
Bakı, 21 aprel, AZƏRTAC
Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi böyük əhəmiyyətə malik tarixi hadisədir. Eyni zamanda, bu hadisə bütün dünyaya Qarabağın əsl sahibinin kim olduğunun göstəricisi və qələbə həmrəyliyimizin nümayişidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, Azərbaycan xalqının ulu öndəri, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəy olması, təşkilatlanması, ictimai-siyasi qüvvəyə çevrilməsi, milli dəyərlərimizin qorunması istiqamətində yorulmaz fəaliyyət göstərib, böyük işlər həyata keçirib. Ulu öndər Heydər Əliyev hər zaman xaricdə yaşayan həmvətənlərimizi xüsusi diqqətdə saxlayıb, xarici ölkələrə səfəri zamanı həmin ölkədə yaşayan azərbaycanlılarla görüşüb, onlarla söhbət aparıb, problemləri ilə yaxından maraqlanıb.
“Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bundan başqa, 2002-ci il iyulun 5-də ulu öndər Heydər Əliyev tərəfindən “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalanıb. İmzalanmış sərəncamlar, həyata keçirilən bütün tədbirlər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin qorunmasında çox böyük rol oynayıb.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük rəmzi məna daşıyan möhtəşəm hadisədir. Əlbəttə, bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir”, - deyən Sədaqət Vəliyeva dünya azərbaycanlılarının Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşdiyini diqqətə çatdırıb.